Tacikistan, İran və Əfqanıstan yeni beynəlxalq avtomobil dəhlizi yaradır

14:17 - 20.07.2026


20 iyul, Fineko/abc.az. Tacikistan, İran və Əfqanıstanın nəqliyyat qurumlarının nümayəndələri İranın Məşhəd şəhərində keçirilən üçtərəfli görüşün yekunlarına əsasən yeni beynəlxalq avtomobil nəqliyyatı dəhlizinin işə salınmasına dair əməkdaşlıq protokolunu imzalayıblar.

Razılaşmaya əsasən, İran və Tacikistan arasında kommersiya yükdaşımaları Əfqanıstan ərazisindən tranzit keçməklə həyata keçiriləcək.

 Logistika və gömrük prosedurlarını, həmçinin sərhəd-keçid məntəqələrinin effektivliyini sınaqdan keçirmək məqsədilə yaxın bir ay ərzində ilk sınaq yük reysinin təşkili, gələcəkdə isə inzibati maneələri aradan qaldırmaq üçün daimi işçi qrupunun yaradılması planlaşdırılır.

Regionda yükdaşımaların vaxtını qısaltmağa və ticarət əlaqələrini genişləndirməyə yönələn bu dəhlizin gələcəkdə Mərkəzi Asiyanın digər ölkələrinə və Çinə qədər uzadılması nəzərdə tutulur.