15:57 - 17.07.2026
17 iyul, Fineko/abc.az. Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) icraçı direktoru Şahin Babayevlə görüş zamanı Qazaxıstan – Azərbaycan əməkdaşlığının nəqliyyat-logistika sahəsindəki hazırkı vəziyyətini və inkişaf perspektivlərini müzakirə edib.
“Görüş zamanı iki ölkə arasında və regionda ticarət-iqtisadi əlaqələrin möhkəmləndirilməsində nəqliyyat əlaqəliliyinin strateji rolu qeyd olunub, “Transxəzər” Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) ötürücülük qabiliyyətinin artırılması istiqamətində səylərin əlaqələndirilməsinin vacibliyi vurğulanıb”, – məlumatda bildirilib.
Görüşdə iki ölkə arasında həyata keçirilən birgə layihələrin əhəmiyyəti xüsusi vurğulanıb. Bu çərçivədə AZCON Holding şirkətlərindən olan “Bakı Gəmiqayırma Zavodu” MMC ilə “Samruk – Kazına” ASC-nin şirkətlər qrupuna daxil olan “KTZ Express Shipping” şirkəti arasında gəmiqayırma sahəsində əməkdaşlıq üzrə imzalanmış müqavilə qeyd edilib. Müqaviləyə əsasən, Bakı Gəmiqayırma Zavodunda müasir beynəlxalq standartlara uyğun iki ədəd quru yük gəmisinin inşası nəzərdə tutulur. Beləliklə, beynəlxalq sifarişlər əsasında inşa ediləcək gəmilərin sayı 4-ə çatıb.
Görüşün yekunlarına əsasən, tərəflər iki ölkənin nəqliyyat-kommunikasiya potensialının gələcəkdə inkişaf etdirilməsində və Avrasiyanın əsas tranzit qovşaqları kimi rollarının möhkəmləndirilməsində qarşılıqlı maraqlarını təsdiqləyiblər.
17 İyul 2026
17 İyul 2026
15 İyul 2026
16 İyul 2026