12:10 - 16.07.2026
16 iyul, Fineko/abc.az. Azərbaycan Prezidenti İlham Əliyev iyulun 16-da Fələstin Dövlətinin Baş naziri Məhəmməd Mustafanı qəbul edib.
Dövlətimizin başçısı Baş nazir Məhəmməd Mustafanın ölkəmizə səfərinin Azərbaycanla Fələstin arasında qardaşlıq münasibətlərinin gücləndirilməsinə töhfə verəcəyinə əminliyini bildirdi.
Azərbaycan Prezidenti ölkəmizin paytaxtı Şərqi Qüds olmaqla, müstəqil və suveren Fələstin dövlətinin yaradılmasını dəstəklədiyini vurğuladı.
Dövlətimizin başçısı ilə görüşməkdən şərəf hissi duyduğunu bildirən Məhəmməd Mustafa Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasın salamlarını Prezident İlham Əliyevə çatdırdı.
Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Mahmud Abbasa çatdırmağı xahiş etdi. Prezident İlham Əliyev Mahmud Abbasın ölkəmizə səfərini, həmçinin beynəlxalq tədbirlər çərçivəsində onunla görüşlərini məmnunluqla xatırladı.
Məhəmməd Mustafa Fələstində hazırda çətin vəziyyətin hökm sürdüyünü deyərək, bu durumdan dostların köməyi ilə çıxa biləcəklərinə ümidvarlığını ifadə etdi. Bu xüsusda o, Azərbaycanın Fələstinə göstərdiyi dəstəyə, həmçinin humanitar dəstək kimi Fələstində orta məktəbin tikintisi ilə bağlı niyyətə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.
Söhbət zamanı Ramallah şəhərində Azərbaycanın Təmsilçilik Ofisinin açılması, Fələstinin ölkəmizdəki səfirliyinin xərclərinin isə Azərbaycan dövləti tərəfindən qarşılanması ikitərəfli əlaqələrimizin yüksək səviyyədə olmasının göstəricisi kimi dəyərləndirildi.
14 İyul 2026
14 İyul 2026
14 İyul 2026
14 İyul 2026