Ukraynanın Qara dəniz limanları vasitəsilə taxıl ixracı üçdə bir azalıb

11:20 - 16.07.2026


16 iyul, Fineko/abc.az. Ukrayna Qara dəniz limanları vasitəsilə taxıl ixracı imkanlarının təxminən üçdə birini itirib.

Bu barədə Reuters agentliyi yazır.

Ukrayna Aqrar Konfederasiyasının məlumatına görə, taxıl sazişi qüvvədə olduğu dövrdə Odessa vilayətinin Odessa, Çernomorsk və Yujnı limanları ayda 6 milyon tona qədər yük emal edə bilirdi. Hazırda isə Rusiya və Ukrayna arasında qarşılıqlı zərbələr fonunda yükləmələr orta hesabla ayda 4 milyon ton taxıla qədər azalıb.

Taxıl ixracı Ukrayna üçün əsas valyuta gəliri mənbəyi olaraq qalır. Reuters-in qeyd etdiyi kimi, tədarükün 90%-i məhz üç Qara dəniz limanı vasitəsilə həyata keçirilir.

Xatırladaq ki, Qara dəniz taxıl təşəbbüsü 22 iyul 2022-ci ildə Rusiya, Ukrayna, Türkiyə və BMT arasında imzalanıb. Saziş Odessa, Çernomorsk və Yujnı limanlarından Ukrayna taxılının təhlükəsiz ixracını, həmçinin Rusiya gübrə və ərzaq məhsullarının ixracına dəstəyi nəzərdə tuturdu.