11:13 - 16.07.2026
16 iyul, Fineko/abc.az. "Bir pəncərə" informasiya sistemi Azərbaycanın beynəlxalq reytinqlərdə mövqeyini gücləndirəcək.
Bunu Dövlət Gömrük Komitəsinin sədrinin müavini Natiq Şirinov "Bir pəncərə" informasiya sistemi – Rəqəmsal Logistika Platformasının təqdimatında deyib.
"İnformasiya sisteminin mərhələli şəkildə tətbiqi xarici ticarət proseslərinin tam rəqəmsallaşdırılması, məlumat mübadiləsinin vahid platforma üzərindən təşkil olunması, risk əsaslı nəzarət mexanizmlərinin genişləndirilməsi, biznes üçün inzibati yükün azaldılması və dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsi baxımından ölkədə həyata keçirilən ən mühüm rəqəmsal transformasiya layihələrindən biri hesab olunur. Xarici ticarətdə "Bir pəncərə" prinsipinin tətbiqi ticarətin asanlaşdırılması sahəsində Azərbaycanın beynəlxalq reytinqlərdə mövqeyinin daha da yaxşılaşması baxımından xüsusi əhəmiyyət daşıyır. Bunun əyani sübutu BMT-nin 2025-ci il üzrə Rəqəmsal və Davamlı Ticarətin Asanlaşdırılması üzrə Qlobal Sorğusunun nəticələridir. Sözügedən sorğunu BMT-nin beş regional komissiyası keçirir və ümumi koordinasiyanı BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası (UNESCAP) təmin edir", - deyə o qeyd edib.
Sədr müavini əlavə edib ki, sorğunun keçirilməsində əsas məqsəd ticarət əməliyyatlarına sərf olunan vaxt və xərclərin azaldılması, o cümlədən prosedur və əməliyyatların rəqəmsallaşdırılması və dayanıqlığın artırılması sahəsində ölkələrin gördüyü işləri qiymətləndirmək və müqayisəli təhlil aparmaqdır:
"Sorğu iştirakçı ölkələrdə ticarətin asanlaşdırılması üzrə tətbiq olunan tədbirlərin səviyyəsini müəyyən etməyə, həyata keçirilən islahatların real nəticələrini qiymətləndirməyə və bu sahədə çatışmazlıqların aşkarlanması yolu ilə daha səmərəli siyasətin tətbiqinə töhfə verməyə xidmət edir. Sorğu 2015-ci ildən etibarən iki ildən bir keçirilir və sonuncu keçirilən 2025-ci il sorğusu daha geniş çərçivəni, dünyanın 168 ölkəsini əhatə etmişdir. Qiymətləndirmə 5 əsas, 3 əlavə indikator üzrə aparılır və ölçülə bilən tətbiq sahəsi ümumilikdə 62-dir. BMT-nin 2025-ci il Rəqəmsal və Davamlı Ticarətin Asanlaşdırılması üzrə Qlobal Sorğusunun nəticələrinə əsasən, Azərbaycan 2025-ci ildə 8 indikatorun nəticəsinə əsasən, orta göstərici 94,57% olmaqla, dünya sıralamasında 4-cü yeri və Cənubi və Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya regionu üzrə ilk sıranı tutub. 2023-cü il qiymətləndirməsində 8 indikator üzrə ölkəmiz 86,05%-lə 9-cu sırada idi".
14 İyul 2026
14 İyul 2026
14 İyul 2026
14 İyul 2026