17:21 - 17.07.2026
17 iyul, Fineko/abc.az. Rusiya ilə Azərbaycan arasında hökumətlərarası əlaqələr, ilk növbədə ölkələrin Baş nazirlərinin rəhbərlik etdiyi Hökumətlərarası Komissiya çərçivəsində əməkdaşlıq inkişaf edir, eləcə də parlamentlərarası dialoq fəallaşıb.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə danışıqların yekunlarına dair keçirilən birgə mətbuat konfransında deyib.
Rusiya xarici işlər naziri bildirib ki, iki ölkə arasında bütün səviyyələrdə xarici siyasət xətti üzrə də intensiv dialoq davam edir.
İkitərəfli görüşdə müzakirə edilən əsas mövzulardan birinin ticarət-iqtisadi əməkdaşlıq olduğunu deyən Lavorov bu sahədə artım dinamikasını xüsusi qeyd edib.
"Tərəflərin qarşılıqlı ticarət dövriyyəsinin daha da artırılmasında qarşılıqlı maraqlı olduğu təsdiqləndi. Ötən il ikitərəfli ticarətin həcmi təxminən 5 milyard dollara çatıb. Rusiya Azərbaycanın əsas ticari tərəfdaşlarından biri olaraq qalır və ticarət dövriyyəsinin, eləcə də birbaşa investisiyaların artırılması üçün əhəmiyyətli potensial mövcuddur", – o bildirib.
Nazirin sözlərinə görə, Rusiyanın Azərbaycana yatırdığı investisiyaların həcmi təxminən 11 milyard dollar təşkil edir.
Lavrov vurğulayıb ki, görüşdə mədəni-humanitar və təhsil sahələrində tamformatlı əməkdaşlığın bərpası məsələlərinə xüsusi diqqət yetirilib.
"Regional və beynəlxalq gündəmdə duran aktual məsələləri ətraflı müzakirə etdik. Cənubi Qafqazda və Xəzər regionunda sabitliyin təmin edilməsində qarşılıqlı əməkdaşlığımızın vacibliyini xüsusi vurğuladıq", – Rusiya XİN başçısı əlavə edib.
©APA
15 İyul 2026
16 İyul 2026