Dəmir filizi 100 dolları keçdi — Çindən gözlənilən tələb qiymətləri 7 həftənin zirvəsinə qaldırdı

11:30 - 7.09.2026


7 Sentyabr, Fineko/abc.az. Qlobal əmtəə birjalarında polad istehsalının əsas xammalı olan dəmir filizinin qiyməti son yeddi həftədə ilk dəfə 1 ton üçün 100 ABŞ dolları həddini aşıb. Sinqapur birjasında fyuçers müqavilələri 1,6% yüksələrək tonu 101,10 dollara çatmaqla 2 iyul tarixindən bəri ən yüksək güniçi göstəricini qeydə alıb.

Qiymətlərin kəskin artmasına investorların qısa mövqelərini bağlaması (short-covering), eləcə də Çində oktyabr ayında keçiriləcək Milli Gün bayramı ərəfəsində polad zavodlarının ehtiyatları yeniləmək gözləntiləri təkan verib. Analitiklər həmçinin yüksək dəniz yükdaşıma (navlon) xərclərinin və sentyabr ayında tikinti sektorunda gözlənilən mövsümi canlanmanın bazarı dəstəklədiyini bildirirlər.