Azərbaycan və Slovakiya Bakı–Bratislava birbaşa aviareysinin açılmasına hazırlaşır

12:30 - 15.07.2026


15 iyul, Fineko/abc.az. Azərbaycan və Slovakiya yaxın vaxtlarda Bakı ilə Bratislava arasında birbaşa aviareysin istifadəyə verilməsini planlaşdırır.

Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan–Slovakiya Biznes Forumunda çıxışı zamanı bildirib.

Nazirin sözlərinə görə, birbaşa aviareysin açılması həm biznes dairələri və hökumətlər arasında əməkdaşlığın, həm də iki ölkə vətəndaşları arasında birbaşa təmasların genişlənməsi baxımından mühüm əhəmiyyət daşıyır.

"Yaxın vaxtlarda paytaxtlarımız arasında birbaşa hava əlaqəsinin açılmasını dostluq və böyük məmnunluq hissi ilə gözləyirik. Bu istiqamətdə həm Slovakiya, həm də Azərbaycan tərəfdən əməyi olan hər kəsə təşəkkürümü bildirirəm", – deyə nazir vurğulayıb.

Mikayıl Cabbarov, həmçinin Azərbaycan və Slovakiya arasında ticarət-iqtisadi və investisiya əməkdaşlığının inkişafı üçün böyük perspektivlərin olduğunu qeyd edib.