Rubio: bir neçə ölkə Hörmüzü qorumaq üçün ABŞ-a investisiya qoymağı öhdəsinə götürdü

11:19 - 20.07.2026


20 iyul, Fineko/abc.az. ABŞ-ın dövlət katibi Marko Rubio bildirib ki, Fars körfəzi ölkələrinin bir qismi Hörmüz boğazı vasitəsilə gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi müqabilində ABŞ-a investisiya qoymağa hazırdır. Onun sözlərinə görə, Vaşinqton beynəlxalq daşımaları qorumaqda davam edəcək, lakin tərəfdaşlardan daha çox — maliyyə və ya resurs şəklində — iştirak gözləyir.

Rubio qeyd edib ki, region ölkələri yalnız neft və qazın dünya bazarlarına sabit çıxışı təmin olunduğu halda bu cür sərmayələr edə bilərlər. Daha əvvəl ABŞ prezidenti Donald Tramp boğazda təhlükəsizliyə görə daşınan yüklərin dəyərinin 20%-ni almağı təklif etsə də, sonradan bu fikirdən daşınaraq Fars körfəzi ölkələri ilə ticarət və investisiya sazişlərinə üstünlük verib.