Azərbaycanda istilik obyektlərinin rəqəmsal xəritəsi formalaşdırılır

15:48 - 20.07.2026


20 iyul, Fineko/abc.az. "Azəristiliktəchizat" ASC-nin (AİT) daxili resursları hesabına qazanxanalar, istilik məntəqələri və istilik şəbəkələrinin rəqəmsal xəritəsinin formalaşdırılmasına başlanılıb.

ABC.AZ xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq səhmdar cəmiyyətindən bildirilib.

Qeyd edilib ki, bu istiqamətdə məqsəd yalnız obyektlərin xəritə üzərində göstərilməsi deyil, mərhələli şəkildə praktiki GIS (Coğrafi Məlumat Sistemi) əsaslı idarəetmə alətinin yaradılmasıdır:

"Belə bir xəritə gələcəkdə qazanxanaların, istilik xətlərinin, xidmət zonalarının, qoşulma nöqtələrinin, abonent obyektlərinin, qəza və təmir tarixçəsinin, texniki vəziyyət göstəricilərinin və investisiya ehtiyaclarının vahid məkan məlumatları bazasında idarə olunmasına imkan verəcək. Bu yanaşma həm istismar və təmir işlərinin planlaşdırılmasını, həm yeni qoşulmaların texniki baxımdan qiymətləndirilməsini, həm də qəzaların və itkilərin daha operativ lokallaşdırılmasını asanlaşdıracaq. Eyni zamanda rəqəmsal xəritə gələcəkdə dispetçer monitorinq sistemi, elektron xidmətlər, texniki şərt müraciətləri və analitik hesabatlılıqla inteqrasiya edilərək qərarların daha dəqiq məlumatlar əsasında qəbul olunmasına xidmət edəcək".

Məlumata görə, xüsusilə regionlarda yaşayan, həmçinin vaxt məhdudiyyəti olan insanlar və ya fiziki məhdudiyyətli şəxslər üçün rəqəmsal xidmətlərin genişləndirilməsi mühüm sosial əhəmiyyət daşıyır:

"Məqsəd odur ki, vətəndaş istilik təchizatı ilə bağlı əsas müraciətlərini kağız sənəd, fiziki növbə və əlavə vasitəçi təmasa ehtiyac olmadan, vahid dövlət rəqəmsal mühiti üzərindən izlənilən, şəffaf və rahat formada həyata keçirə bilsin. Bununla yanaşı, rəqəmsallaşmanın faydası yalnız istifadəçi rahatlığı ilə məhdudlaşmır. Texniki və inzibati proseslərin optimallaşdırılması, məlumatların daha dəqiq idarə olunması, təkrar əməliyyatların və rutin işlərin azaldılması cəmiyyətin ümumi xərclərinin mərhələli şəkildə optimallaşdırılmasına imkan yaradır. Bu isə uzunmüddətli dövrdə istilik təchizatı sahəsində daha səmərəli idarəetməyə, resurslardan qənaətli istifadəyə və dövlət büdcəsi üzərinə düşən maliyyə yükünün müəyyən hissəsinin azaldılmasına xidmət edə bilər".