Panama neft terminalını və boru kəmərini dövlət mülkiyyətinə keçirir

23:15 - 20.07.2026


20 iyul, Fineko/abc.az. Panama hakimiyyəti "Petroterminal de Panama" şirkətinin səhmlərinin 100%-ni konsolidasiya edir. Belə ki, 1977-ci il müqaviləsində nəzərdə tutulmuş opsion hüququndan istifadə edərək, qalan 41% səhmi ABŞ-ın "NIC Holding Corp." şirkətindən geri alır.

Məlumata görə, şirkət Atlantik və Sakit okean terminallarını birləşdirən və Panama kanalına alternativ rolunu oynayan 131 km uzunluğunda neft kəmərini idarə edir. Obyekt ölkənin energetikası və logistikası üçün strateji əhəmiyyət kəsb edir.

Sövdələşmənin maliyyələşdirilməsi büdcəyə yük yaratmadan və dövlət borcunu artırmadan "Petroterminal"in öz vəsaitləri hesabına həyata keçiriləcək. Hakimiyyət vurğulayır ki, burada söhbət milliləşdirmədən deyil, əvvəlcədən nəzərdə tutulmuş geri alma hüququnun reallaşdırılmasından gedir.