"Moody's" SOCAR reytinqləri ilə bağlı növbəti planlı qiymətləndirməni başa çatdırıb

10:39 - 20.07.2026


20 iyul, Fineko/abc.az. "Moody's" beynəlxalq reytinq agentliyi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) reytinqləri ilə bağlı növbəti planlı qiymətləndirməni başa çatdırıb.

"Moody's"dən bildirilib ki, qiymətləndirmə reytinq komitəsinin iclası çərçivəsində həyata keçirilib.

İclasda tətbiq olunan baza metodologiyası və aktual hadisələr nəzərə alınmaqla reytinqlərin əsaslandırılması yenidən qiymətləndirilib.

"Bu məlumat kredit reytinqi ilə bağlı yeni qərarın qəbul edildiyini bildirmir və yaxın gələcəkdə belə bir qərarın qəbul ediləcəyinə işarə etmir" - deyə agentlik bəyan edib.

Məlumata görə, SOCAR-ın reytinqləri, o cümlədən uzunmüddətli "Baa3" emitent reytinqi və sabit proqnozu dəyişdirilməyib. "Moody's"in Dövlətlə Əlaqəli Emitentlər metodologiyasına əsasən, SOCAR-ın reytinqi şirkətin "ba2" səviyyəsində Əsas Kredit Qiymətləndirməsi (Baseline Credit Assessment – BCA), şirkətin 100 % sahibi olan Azərbaycan hökumətinin "Baa3" xarici valyutada kredit reytinqi, SOCAR ilə hökumət arasında çox yüksək defolt asılılığı, maliyyə çətinliyi yaranacağı halda dövlət tərəfindən dəstək göstərilməsi ehtimalının yüksək olması kimi amilləri əks etdirir.

SOCAR-ın "ba2" səviyyəli BCA qiymətləndirməsi Azərbaycanın neft və qaz sektorunda əsas rol oynaması və milli iqtisadiyyat üçün böyük əhəmiyyət daşıması, güclü maliyyə göstəricilərinə malik olması, möhkəm kredit göstəriciləri, böyük maliyyə ehtiyatları toplamış Azərbaycan hökuməti ilə sıx əlaqələrə malik olması və ehtiyac yarandıqda hökumətin şirkətə maliyyə dəstəyi göstərmək imkanının olması kimi müsbət amillərə əsaslanır.