Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri dəyişib

14:45 - 20.07.2026


20 iyul, Fineko/abc.az. Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri dəyişib.

ABC.AZ xəbər verir ki, vəzifə müddətinin başa çatması ilə əlaqədar Ştefani Ştallmeyster (Stefanie Stallmeister) bu il iyulun 1-dən etibarən Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri vəzifəsindən ayrılıb. O, bu vəzifəyə 2023-cü il iyulun 1-də təyin edilmişdi.

Məlumata görə, Dünya Bankının Azərbaycan üzrə yeni ölkə meneceri vəzifəsinə Saşa Bakes (Sacha Backes) təyin edilib. O, vəzifəsinin icrasına bu ilin avqust ayından başlayacaq.

Qeyd edək ki, bu təyinatadək Saşa Bakes Dünya Bankı Qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyasında (IFC) İstehsal, Aqrobiznes və Xidmətlər üzrə Avropa komandasında baş investisiya mütəxəssisi olub.

Backes 17 ildən artıqdır ki, IFC-də fəaliyyət göstərir. O, bu müddətin ilk 12 ilini London, Vaşinqton və Yohannesburq ofislərində Təbii Sərvətlər və İnfrastruktur komandasında çalışaraq əsasən Afrika regionunda layihələrə rəhbərlik edib.