14:22 - 21.07.2026
21 iyul, Fineko/abc.az. 2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanda 8 min 831,3 ton mis konsentratı istehsal edilib. ABC.AZ Dövlət Statistika Komitəsinin istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 7,4 dəfə (642,9%) artıb.
Bununla yanaşı, qiymətli metalların hasilatında azalma qeydə alınıb. Hesabat dövründə ölkədə 1 316,5 kiloqram qızıl hasil olunub ki, bu da illik müqayisədə 17,8% azdır. Gümüş hasilatı isə 1 808,2 kiloqram təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,9% azalma deməkdir.
İyulun 1-nə olan vəziyyətə görə, sənaye müəssisələrinin anbarlarında 1 632,1 ton mis konsentratı, 168,8 kiloqram qızıl və 534,1 kiloqram gümüş ehtiyatı mövcud olub.
Bu arada, Azərbaycanda qızıl, mis və gümüş hasilatı ilə məşğul olan Böyük Britaniyanın “Anglo Asian Mining” şirkəti ikinci rübdə mis istehsalını ötən ilin eyni dövrü ilə müqayisədə 7,8 dəfə artıraraq 5 129 tona çatdırdığını açıqlayıb. Şirkət bunu əsasən Dəmirli yatağında istehsalın genişlənməsi ilə izah edib. İlk altı ayda isə mis hasilatı 8 840 tona yüksələrək 7,4 dəfə artıb. Eyni dövrdə qızıl hasilatı 1,8%, gümüş hasilatı isə 48,9% artıb. Şirkət ilk yarımildə 58 577 quru metrik ton mis konsentratı sataraq 125,9 milyon ABŞ dolları gəlir əldə edib. İyunun sonuna pul vəsaitləri 69,8 milyon ABŞ dollarına yüksəlib, borclar isə 12,2 milyon ABŞ dollarına enib və xalis pul mövqeyi 57,6 milyon ABŞ dolları təşkil edib.
“Anglo Asian Mining” bildirib ki, Dəmirli yatağında tam istehsal gücünə 2026-cı ilin üçüncü rübündə çatılması planlaşdırılır. Şirkət il üzrə proqnozunu dəyişməyərək 20–25 min ton mis, 28–33 min unsiya qızıl və 170–210 min unsiya gümüş hasil edəcəyini gözləyir.
21 İyul 2026
21 İyul 2026
21 İyul 2026