Özbəkistan Gürcüstan limanları ilə əməkdaşlığı genişləndirir

15:30 - 8.07.2026


8 iyul, Fineko/abc.az. Özbəkistanın İnvestisiyalar, sənaye və ticarət naziri Laziz Kudratov Gürcüstanın Anakliya, Poti və Batumi limanlarını, həmçinin Poti Sərbəst Sənaye Zonasını ziyarət edib.

Məlumata görə, görüşlərdə Özbəkistanın Gürcüstan istiqaməti üzrə ixrac-idxal əməliyyatlarının genişləndirilməsi müzakirə olunub.

Anakliyada Özbəkistanın dərin su limanının tikintisində mümkün iştirakı nəzərdən keçirilib. Bu liman tamamlandıqdan sonra bütün növ gəmiləri qəbul edə biləcək və Çin–Qırğızıstan–Özbəkistan dəhlizi də daxil olmaqla beynəlxalq marşrutların mühüm qovşağına çevriləcək. Poti və Batumidə isə Özbəkistan yükləri üçün anbar və terminal infrastrukturunun yaradılması layihələri müzakirə edilib.

Səfərin yekununda əməkdaşlığın perspektiv istiqamətləri müəyyənləşdirilib, müvafiq sazişlərin hazırlanması və Özbəkistan şirkətlərinin iştirakı ilə konsorsiumun yaradılması planlaşdırılıb. Gürcüstan limanları Özbəkistanın Avropa bazarlarına çıxışı üçün əsas kanal olaraq qalır.