14:16 - 7.07.2026
7 iyul, Fineko/abc.az. “Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin məmnuniyyətinin yüksəldilməsi və Bakı–Tbilisi–Bakı beynəlxalq marşrutu üzrə artan sərnişin tələbatının qarşılanması məqsədilə sərnişinlər üçün daha geniş və daha əlçatan səyahət imkanları yaratmağa davam edir.
İyulun 10-dan etibarən Bakı–Tbilisi–Bakı beynəlxalq marşrutu üzrə hərəkət edən qatarların tərkibinə əlavə 3 ədəd yataq tipli vaqon (hazırda ölkədaxili marşrutda istifadə olunan standart+ sinif vaqonlar) qoşulacaq. Nəticədə hər reys üzrə 104 əlavə sərnişin yeri açılacaq və bir reys üzrə sərnişin yeri hazırkı 178-dən təqribən 60 % artaraq 282-yə çatdırılacaq.
Əlavə vaqonlara biletlər bu gündən satışa çıxarılıb. Bu vaqonlarda gediş haqqı hazırda istifadədə olan “Stadler” vaqonları üzrə biletlərin qiyməti ilə müqayisədə daha münasibdir. Belə ki, Bakı–Tbilisi–Bakı marşrutu ilə gediş haqqı məsafədən asılı olaraq standart+ sinif üzrə 40.30 AZN-dən başlayır. Marşrut üzrə bir istiqamətə Bakıdan Tbilisiyə minimum gediş haqqı 65.20 AZN, Yevlaxdan 53.30 AZN, Gəncədən 49.30 AZN, Ağstafadan isə 45.30 AZN-dir. Böyük Kəsikdən Tbilisi vağzalı və Qardabani stansiyasına isə müvafiq olaraq 43.40 və 40.30 AZN təşkil edir.
13 İyul 2026
13 İyul 2026
14 İyul 2026