12:26 - 21.05.2026
21 may, Fineko/abc.az. Bakı–Tbilisi–Bakı marşrutu üzrə "Azərbaycan Dəmir Yolları" QSC-nin yataq tipli vaqonlardan ibarət müasir qatarları hərəkət edəcək.
ABC.AZ xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib.
Onun sözlərinə görə, qatarlarda sərnişinlərə komfort, komfort+ və lüks olmaqla üç sinif üzrə xidmət göstəriləcək:
"Qatar 1 ədəd “Lüks” sinif, 1 ədəd qarışıq “Lüks” və “Komfort+” sinif, 3 ədəd “Komfort” sinif və 1 ədəd vaqon-restoran olmaqla 6 vaqondan ibarətdir və ümumi sərnişin tutumu 118 nəfər təşkil edir. “Komfort” sinif üzrə vaqonda 1 ədəd kupe hərəkəti məhdud sərnişinlər üçün nəzərdə tutulub. Bundan başqa, 1 ədəd qarışıq “Lüks” və “Komfort+” sinif üzrə vaqonda kupelər xüsusi arakəsmə ilə ayrılıb. Ailə və qrup səfərləri zamanı istəyə uyğun olaraq həmin arakəsmə açılaraq vahid kupe halına salına bilər", - deyə o qeyd edib.
Bəxtiyar Hacıyev onu da vurğulayıb ki, İsveçrənin “Stadler Rail Group” şirkətinin istehsalı olan vaqonlar yeni nəsil təhlükəsizlik texnologiyası və bir sıra innovativ mexanizmlərlə təchiz edilib:
"Lüks sinif üzrə kupelər iki nəfərlikdir və hər biri masa, televizor, duş kabinəsi və sanitar qovşaqla təmin olunub. Eyni zamanda, komfort+ sinif üzrə kupelər iki nəfərlikdir və hər bir kupe televizor, masa və əlüzyuyanla təmin edilib. Komfort sinif üzrə kupelər dörd nəfərlikdir və hər birində televizor var", -o qeyd edib. ©APA
13 İyul 2026
13 İyul 2026
14 İyul 2026