Bakıda taksi sayı 67 mindən təxminən 20 minə endirilib - Nazir

16:22 - 19.05.2026


19 may, Fineko/abc.az. Bakıda şəhər mobilliyi və ictimai nəqliyyatın transformasiyası da məhz məqsədyönlü yanaşma ilə başlayıb.

ABC.AZ xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Bakıda WUF13 çərçivəsində keçirilən "Şəhərlər bağlantılılığın mərkəzində: Şəhər yenidənqurması və regional əməkdaşlıq" mövzusunda tədbirdə deyib.

Nazir bildirib ki, ilk mərhələdə əsas sual layihə deyil, hədəf olub: “Yəni, vətəndaşları şəxsi avtomobillərdən ictimai nəqliyyata necə yönləndirmək. Bu yanaşma o dövrdə tənqid olunsa da, nəticədə şəhər yollarında yüklənmənin azalmasına gətirib çıxarıb.

Məsələn, taksi sayının 67 min səviyyəsindən təxminən 20 minə endirilməsi sosial problemi həll etməklə yanaşı, xidmət keyfiyyətini və təhlükəsizliyi də artırıb. Sürücülərin iş rejimi normallaşdırılıb və artıq daha idarəolunan sistem formalaşıb.

Eyni zamanda mikromobillik – velosipedlər, skuterlər və piyadalar üçün infrastruktur – şəhər həyatının mühüm hissəsinə çevrilib. Bütün bunlar ətraf mühit və karbon emissiyalarına təsiri də nəzərə alınaraq planlaşdırılıb”.