Hörmüz boğazının bağlanması fonunda Xəzər yeni logistika mərkəzinə çevrilir

12:16 - 12.05.2026


12 may, Fineko/abc.az. ABŞ Hörmüz boğazını bağladıqdan sonra əsas logistika axınları şimala — Xəzər bölgəsinə doğru dəyişməyə başladı.

ABC.AZ xəbər verir ki, hazırda əsas marşrutlar Xəzər dənizindən keçir. İranın dörd limanı, əvvəllər cənub marşrutu ilə daşınan taxıl, qarğıdalı, bitki yağı və digər yükləri qəbul edir.

Qeyd edilir ki, Xəzər istiqaməti daha az həssas olub, çünki ona yalnız Xəzəryanı dövlətlərin çıxışı var. Analitiklərin fikrincə, ilin sonuna qədər bu marşrut üzrə tədarük həcmi iki dəfə arta bilər.

Amerika mənbələri də ehtimal edirlər ki, Xəzər vasitəsilə təkcə ərzaq məhsulları deyil, həm də sənaye komponentləri, o cümlədən dronlar üçün hissələr daşınmağa başlayacaq.

Bu fonda İran əvvəllər Rusiyaya tədarükün 60%-dən çoxunu təşkil edən ərzaq və kənd təsərrüfatı məhsullarının ixracını müvəqqəti qadağan edib.

Tehran ABŞ-dan blokada və sanksiyaların qaldırılmasını, neft ixracının bərpasını və dəymiş zərərin ödənilməsini tələb edir. Öz növbəsində, Donald Tramp artıq bu şərtləri "qəbuledilməz" adlandırıb.