Naxçıvanda işçilərin əmək müqaviləsi olmadan işə cəlb edilməsi faktları aşkarlanıb

12:32 - 4.09.2025


4 sentyabr, Fineko/abc.az. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti işçilərin əmək müqaviləsi olmadan işə cəlb edilməsi faktları aşkarlayıb.

ABC.AZ xəbər verir ki, Xidmət pərakəndə ticarət və iaşə obyektlərində nağdsız ödənişlərin POS-terminal deyil, kartdan-karta köçürmə əməliyyatları vasitəsilə həyata keçirilməsi hallarının qarşısının alınması, əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti, həmçinin əmək münasibətlərinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməməsi hallarının aradan qaldırılması məqsədilə vergi nəzarəti tədbirlərini davam etdirir.

Vergi ödəyicilərinin maarifləndirilməsi və məlumatlandırlması istiqamətində görülən tədbirlərə, edilmiş xəbərdarlıqlara baxmayaraq vergi nəzarəti tədbirləri üzrə keçirilən monitorinqlərdə Naxçıvan şəhər ərazisində xidmət, iaşə, pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə məxsus bir sıra obyektlərdə nağd pul hesablaşmaları qaydalarının pozulduğu, POS-terminaldan istifadədən imtina olunduğu, müştərilərə kartdan-karta köçürmələrin təklif edildiyi və işçilərin əmək müqaviləsi olmadan muzdlu işlərin yerinə yetirilməsinə cəlb edilməsi faktları aşkarlanıb. (© Report)