Avrozonada işsizlik səviyyəsi dəyişməz qaldı — 6.2%

16:30 - 2.07.2026


2 iyul, Fineko/abc.az. Avropa Statistika Ofisi (Eurostat) Avropa İttifaqı (Aİ) və Avrozonanın cari ilin may ayı üzrə işsizlik göstəricilərini açıqlayıb.

Qeyd olunur ki, Avrozonada mövsümi amillərdən arındırılmış işsizlik oranı may ayında dəyişməyərək 6.2% səviyyəsində qalıb. Eurostat, həmçinin aprel ayı üzrə daha əvvəl 6.3% olaraq elan edilən işsizlik göstəricisini də geriyə dönük şəkildə yeniləyərək 6.2%-ə endirib.

Aİ üzrə ümumi işsizlik isə apreldə olduğu kimi mayda da dəyişməz qalaraq 5.9% təşkil edib. Müqayisə üçün qeyd edək ki, ötən ilin may ayında işsizlik Avrozonada 6.3%, Aİ-də isə 6.0% səviyyəsində qeydə alınmışdı.

May ayında ən yüksək işsizlik faizi Finlandiyada (10.6%), İspaniyada (10.3%), İsveçdə (8.7%), Fransada (8.2%) və Yunanıstanda (8.1%) qeydə alınıb.