Əmək müqavilələrinin sayında 609000 ədəd artım əldə etmişik - Sahil Babayev

12:14 - 19.12.2024


19 dekabr, Fineko/abc.az Son illərdə orta əmək haqqında iki dəfə artım, eyni zamanda ölkədə əməkhaqqı fondunun leqallaşması və inkişafında ciddi artımlar əldə edilib.

ABC.AZ xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan Karyera İnkişaf Forumunda çıxışı zamanı deyib. Nazir bildirib ki, əmək müqavilələrinin sayında 609000 ədəd artım əldə etmişik: "Bunun səksən faizi özəl sektorun payına düşür. 36 min şəxsə peşə hazırlığı məqsədilə aktual peşə təhsili vermişik".

Nazir qarşıdakı hədəflərdən danışarkən qeyd edib ki, əsas hədəflər işğaldan azad edilmiş ərazilərdə layiqli əməyi təmin etmək, işəgötürənlər, dövlət qurumları və işləyənlər arasında sinergiyanı təmin etmək, əmək bazarı ilə təhsil sistemi arasında bağlantıları gücləndirməkdir.

"Azərbaycanda bu gün əmək və əhalinin sosial müdafiəsi nazirliyi tərəfindən 160 xidmət həyata keçirilir və bunun 145-i elektron xidmətlərdir. Elektron əmək müqavilələrinə keçid dövlət qurumlarında 2025-ci il yanvarın 1-dən, özəl sektorda isə iyulun 1-ə qədər başa çatmalıdır", - deyə nazir vurğulayıb (Apa).