10:21 - 15.07.2026
15 iyul, Fineko/abc.az. Azərbaycanda qızıl, mis və gümüş hasilatı ilə məşğul olan Böyük Britaniya şirkəti “Anglo Asian Mining” 2026-cı ilin ikinci rübündə mis istehsalını ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 7,8 dəfə artıraraq 5 129 tona çatdırıb.
Mədən şirkətinin açıqladığı əməliyyat nəticələrinə istinadən xəbər verir ki, artım əsasən Dəmirli yatağında istehsalın genişlənməsi hesabına təmin olunub.
Hesabat dövründə qızıl hasilatı 6 208 unsiyadan 6 272 unsiyaya yüksələrək 1%, gümüş hasilatı isə 32 033 unsiyadan 50 059 unsiyaya çataraq 56,3% artıb.
İlin ilk altı ayında şirkət rekord istehsal göstəricilərinə nail olub. Bu dövrdə mis hasilatı 1 188 tondan 8 840 tona yüksələrək təxminən 7,4 dəfə, qızıl hasilatı 12 114 unsiyadan 12 329 unsiyaya qalxaraq 1,8%, gümüş hasilatı isə 62 348 unsiyadan 92 855 unsiyaya çataraq 48,9% artıb.
Satış nəticələrinə görə, yanvar–iyun aylarında şirkət 7 126 unsiya qızıl külçəsi satıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 27,1% azdır. Bununla belə, orta satış qiyməti 3 077 dollardan 4 664 dollara yüksələrək 51,6% artıb.
Konsentrat satışları isə kəskin artım nümayiş etdirib. Şirkət ilk yarımildə 58 577 quru metrik ton mis konsentratı sataraq 125,9 milyon dollar gəlir əldə edib. Bunun 54,5 milyon dolları Gədəbəy, 71,4 milyon dolları isə ilk dəfə istehsala qoşulan Dəmirli yatağının payına düşüb.
13 İyul 2026
13 İyul 2026
14 İyul 2026