Aİ Komissiyası Çin kimyəvi maddələrinə rüsumların tətbiqi üzərində işləyir

11:06 - 18.05.2026


18 may, Fineko/abc.az. Aİ-nin ticarət üzrə komissarı Maroş Şefçoviç Çin mənşəli kimyəvi maddələr və avadanlıqlara “sərt” rüsumların tətbiqi üzərində işləyir. Məqsəd Avropa istehsalçılarını idxalın kəskin artımından qorumaqdır.

ABC.AZ xəbər verir ki, bu barədə Financial Times yazır.

Paralel olaraq, Avropa Birliyi Çindən asılılığı azaltmaq üçün tədbirləri nəzərdən keçirir: şirkətlər tədarükçüləri şaxələndirməyi və bir mənbədən alış-verişi 30-40%-ə qədər məhdudlaşdırmağı, idxalın qalan hissəsini müxtəlif ölkələrdən ən azı üç təchizatçı arasında bölüşdürməyi tələb edə bilər. Bu qaydalar kimya və maşınqayırma da daxil olmaqla əsas sahələrə təsir göstərə bilər.

Təşəbbüs Çinin ixrac məhdudiyyətlərinə cavab kimi qiymətləndirilir. Bundan əlavə, Aİ polad idxalı üzrə kvotaların yenidən bölüşdürülməsini — “etibarlı tərəfdaşlar” üçün artırılmasını və digərləri üçün azaldılmasını müzakirə edir.

Plan ilkin mərhələdədir və mayın 29-da Avropa Komissiyasında təqdim olunacaq, daha sonra isə iyunun sonunda Aİ liderlərinin müzakirəsinə çıxarıla bilər.