Almaniyada Türkiyənin güclü enerji mərkəzinə çevrildiyini bəyan ediblər

14:10 - 8.05.2026


8 may, Fineko/abc.az. Hörmüz boğazı ətrafında yaranmış vəziyyət fonunda Türkiyə Avropa, Yaxın Şərq və Asiya arasında əsas enerji mərkəzi kimi mövqeyini gücləndirməyə çalışır.

ABC.AZ xəbər verir ki, bu barədə Focus Online yazır. Böhran qlobal iqtisadiyyata təzyiq göstərir, Avropanın enerji təchizatı problemlərini artırır, eyni zamanda Ankaraya yeni imkanlar yaradır.

Fars körfəzindən tədarüklərə inamın azalması quru marşrutlara marağı artırır. Regionda Kərkük—Ceyhan neft kəmərinin genişləndirilməsi, Bəsrədən Aralıq dənizinə yeni xətlər, Kərkük—Baniyas marşrutunun bərpası və Qətər—Türkiyə qaz kəməri layihəsi müzakirə olunur.

Hazırda Türkiyə üzərindən əsas enerji marşrutları (TANAP, Türk axını, həmçinin İran—Türkiyə qaz kəməri) və LNG terminalları fəaliyyət göstərir.

Ankaranın strategiyası yalnız enerji ilə məhdudlaşmır və “Orta dəhliz” — Çin, Mərkəzi Asiya, Xəzər və Qafqaz üzərindən Avropaya uzanan ticarət marşrutunu da əhatə edir.

Böhran qlobal axınların yenidən bölüşdürülməsini sürətləndirir: quru marşrutların rolu artır, əlverişli mövqedə yerləşən ölkələrin təsiri güclənir. Focus Online-un qiymətləndirməsinə görə, Türkiyə bu vəziyyətdən istifadə edərək yeni enerji nizamının mərkəzlərindən birinə çevrilməyə çalışır.