Pakistan iri enerji böhranı ilə üzləşir

17:08 - 16.04.2026


16 aprel, Fineko/abc.az. Pakistan son illərin ən iri enerji böhranını yaşayır: İranda müharibə Hörmüz boğazını faktiki olaraq bağlayıb, Qətər isə martın əvvəlində baş verən hücumlardan sonra dünyanın ən iri LNG zavodundan ixracı dayandırmaq məcburiyyətində qalıb.

ABC.AZ xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

Çərşənbə günü axşam, ən yüksək tələbat zamanı elektrik qıtlığı 4 500 meqavata çatıb — bu da ümumi istehlakın təxminən dörddə biri deməkdir.

Nazirlik xəbərdarlıq edib ki, bəzi bölgələrdə planlı elektrik kəsintiləri daha da uzanaraq 2 saatdan 14 saata qədər artıb. Ən çox kənd əraziləri zərər görür.

Məlumata görə, Pakistan elektrik istehsalı üçün istifadə edilən mayeləşdirilmiş təbii qazın demək olar hamısını Qətərdən alır. Hakimiyyət daha bahalı olan spot bazardan alış imkanını da nəzərdən keçirir, lakin Bloomberg mənbələrinə görə, bunun üçün qiymətlərin daha uyğun səviyyəyə enməsi lazımdır.