Azərbaycan və Ermənistanın yük koridoru Gürcüstanın tranzitinə təhlükə yaratmır

15:41 - 23.01.2026


23 yanvar, Fineko/abc.az. Azərbaycan və Ermənistan tərəfindən anons edilən alternativ yük koridoru Gürcüstanın tranzit potensialına təhlükə yaratmır.

ABC.AZ xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze Bakı ilə İrəvan arasında münasibətlərin yaxşılaşması fonunda mümkün birbaşa yükdaşımalarla bağlı Davosda səsləndirilən açıqlamaları şərh edərkən deyib.

Kobaxidzenin sözlərinə görə, alternativ marşrut Gürcüstan üçün risk daşımır:

“Bunu təsdiqləyən sadə bir göstərici var: son beş ildə Orta Dəhliz üzrə yükdaşımaların həcmi yeddi dəfə artıb. Belə şəraitdə əsas vəzifəmiz mövcud infrastrukturdan maksimum səmərə ilə istifadə edərək artan yük dövriyyəsinə uyğunlaşmaqdır. Bu cür artım fonunda alternativ koridor Gürcüstanın tranzit funksiyasına yalnız əlavə rol oynayacaq”, – deyə baş nazir vurğulayıb.

Qeyd olunur ki, ötən ilin sonundan etibarən Azərbaycan artıq Gürcüstan ərazisi vasitəsilə Ermənistana neft məhsullarının tədarükünü həyata keçirir.