Ölkənin ərzaq təhlükəsizliyinin sistemli təmini mühüm strateji əhəmiyyət daşıyır - AQTA sədri

15:05 - 17.12.2025


17 dekabr, Fineko/abc.az. Ölkənin ərzaq təhlükəsizliyinin sistemli təmini mühüm strateji əhəmiyyət daşıyır. Ərzaq məhsullarının istehsalı, emalı, daşınması və topdan pərdakəndə satışı daxil olmaqla qida təhlükəsizliyi zənciri boyu ciddi izlənilir.

ABC.AZ xəbər verir ki, bunu Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bu gün aqrar biznes festivallarına həsr olunan yekun tədbirdə səsləndirib.

O bildirib ki, qqrar sahədə innovasiyaların təşviqi, fermer və sahibkarların bilik və imkanlarının genişləndirilməsi, habelə dövlət–özəl sektor əməkdaşlığının gücləndirilməsi baxımından bu cür festivalların əhəmiyyəti danılmazdır:

“Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşəbbüsü ilə ölkənin müxtəlif regionlarında təşkil olunan Aqrar Biznes festivalları artıq aqrar sektor üçün mühüm dialoq, bilik və təcrübə mübadiləsi platformasına çevrilib.

Qeyd etmək istərdim ki, bu festivallarda fəal iştirak etməklə əsas məqsədimiz aqrar istehsalda təhlükəsizliyin, keyfiyyətin və dayanıqlılığın təmin edilməsini fermer və sahibkarlara birbaşa, aydın və praktik mexanizmlər vasitəsilə çatdırmaqdır. Bu xüsusda vurğulamaq lazımdır ki, hər il Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təşkil olunan arıçılıq məhsullarının ənənəvi respublika sərgi-satış yarmarkaları çərçivəsində satışa çıxarılan bütün məhsullar risk əsaslı yoxlamalara cəlb olunur”. ©Trend