“Türk Hava Yolları”nın İstanbul hava limanına köçürülməsinin final mərhələsi plan üzrə həyata keçirilir.

16:42 - 5.04.2019


5 aprel, Fineko/abc.az. “Türk Hava Yolları” dünyanın ən böyük hava limanı layihəsi olan İstanbul hava limanına köçməyə başlayıb. Köçün ilk mərhələsi ötən ilin oktyabr ayında baş tutub. Bu gün saat 03.00-dan etibarən isə  köçün əsas mərhələsi həyata keçirilir.

Nəhəng köçürmə prosesinin 38%-i 6 saatdan sonra uğurla Atatürk hava limanından İstanbul hava limanına köçürülüb.

Aviasiya tarixində unikal hadisə olan bu köçürülmə əməliyyatı ümumilikdə 45 saat davam edəcək və aprel ayının 6-sı, şənbə günü, saat 23.59-da sona yetəcək. Əməliyyatın öncədən planlaşdırıldığı kimi həyata keçirilməsi üçün Atatürk və İstanbul hava limanları aprel ayının 6-ı 02.00-14.00 saatlarında bütün sərnişin reysləri üçün bağlanacaq. Atatürk hava limanından reallaşdırılacaq sonuncu sərnişin reysi İstanbuldan Sinqapura həyata keçiriləcək. Köçürülmə prosesi çərçivəsində İstanbul hava limanında əməliyyatlar 6 aprel saat 14.00-da başlayacaq. “Böyük köç” zamanı ilk reys İstanbul hava limanı ilə Ankaranın Esenboğa hava limanı arasında yerinə yetiriləcək. “Türk Hava Yolları”nın İstanbul hava limanından olan növbəti uçuşları plana uyğun olaraq tədricən artırılacaq.