Azərbaycan regional liderdən əsas ixracatçıya çevrilə bilər - Dünya Bankından açıqlama

12:19 - 8.09.2026


8 sentyabr, Fineko/abc.az. Dünya Bankı Azərbaycanla kənd təsərrüfatı sahəsində yeni proqram üzərində işlər aparır.

Bunu Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Ştefani Ştallmayster "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026"nın (BCAW 2026)" ikinci günündə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu istiqamətdə prioritet kimi müəyyənləşdirilən sahələrdə isə qida təhlükəsizliyinə diqqət yetirilməlidir:

"Çünki bu sahədə regional lider olan Azərbaycanın daha irəli gedərək əsas ixracatçıya çevrilmək imkanı var. Bu zaman isə ixrac bazarları qida təhlükəsizliyinə və digər məsələlərə diqqət yetirir. Odur ki, bu, hökumətlə birlikdə bu istiqamətdə irəliləyişə imkan verəcək proqramların həyata keçirilməsi üzərində işlədiyimiz mühüm mövzulardan biridir. Qarşıdakı 6-12 ay ərzində daha da dəqiqləşdiriləcəyinə ümid etdiyimiz bu yeni proqramın potensialı bizi çox həyəcanlandırır. Azərbaycan hökumətinin son illərdə bu regionda bu sektorun ön sıralarında yer almasını təmin edən çoxsaylı qərarlar qəbul edərək inanılmaz bir tərəfdaş olduğunu görürük. Bu gündəliyi irəli aparmağı səbirsizliklə gözləyirik".