"Bir pəncərə"yə 30-dan çox dövlət qurumu formalaşdırılıb – Layihə rəhbəri

11:34 - 16.07.2026


16 iyul, Fineko/abc.az. "Bir pəncərə" platformasının ilkin mərhələsində 30-dan çox dövlət qurumu və şirkətin 150-dən artıq biznes prosesi təhlil edilərək sistemin tələbləri formalaşdırılıb.

Bunu Rəqəmsal Logistika Platformasının ("Digital Logistics Platform" - DLP) layihə rəhbəri Ehtiram Quliyev "Bir pəncərə" informasiya sistemi – Rəqəmsal Logistika Platformasının təqdimatında deyib.

Onun sözlərinə görə, "Bir pəncərə" informasiya sisteminin yaradılması nəqliyyat və logistika sahəsində mövcud proseslərin daha səmərəli təşkili zərurətindən irəli gəlir:

"Əsas məqsəd xarici iqtisadi fəaliyyətlə bağlı bütün prosesləri vahid rəqəmsal platformada birləşdirmək, daha çevik, şəffaf və səmərəli idarəetmə modeli formalaşdırmaqdır. Eyni zamanda, yük sənədlərinin real vaxt rejimində izlənilməsi, regional rəqabət qabiliyyətinin artırılması və xərclərin optimallaşdırılması sistemin əsas hədəflərindəndir. Platformanın hazırlanması zamanı beynəlxalq təşkilatların metodologiyaları və standartlarından istifadə olunub. Bununla yanaşı, real bazar ehtiyaclarının müəyyənləşdirilməsi məqsədilə müxtəlif dövrlərdə 400-dən çox biznes subyekti ilə görüşlər keçirilib, onların təklif və ehtiyacları öyrənilib".

E.Quliyev vurğulayıb ki, "Bir Pəncərə" yanaşması yalnız yerli texniki həll deyil:

"Bu model dünyanın bir çox ölkəsində tətbiq olunub və ticarət-logistika sahəsində effektiv nəticələr verib. Buna misal olaraq Sinqapur, Cənubi Koreya, Niderland və Estoniyanı göstərmək olar. Beynəlxalq təcrübə göstərir ki, bu cür sistemlərin qurulması mərhələli və uzunmüddətli prosesdir. Azərbaycanda isə "Bir Pəncərə" informasiya sisteminin yaradılması istiqamətində texniki işlərə 2024-cü ilin avqust ayından başlanılıb və hazırda da davam etdirilir. İlkin təhlillər əsasında platformanın əsas inkişaf istiqamətləri müəyyənləşdirilib. Bizim baxışımız Azərbaycanı beynəlxalq ticarət əməliyyatları üzrə aparıcı regional qovşağa çevirmək, rəqəmsal ekosistem formalaşdırmaq və daha səmərəli ticarət mühiti yaratmaqdır. Missiyamız isə "Bir Pəncərə" informasiya sistemi vasitəsilə idxal, ixrac və tranzit proseslərini tam rəqəmsallaşdırmaq, onların izlənilə bilənliyini təmin etmək, xidmət keyfiyyətini və əməliyyat səmərəliliyini artırmaqdır".