Kuba böhran və blokada fonunda ABŞ-dan 100 milyon dollarlıq yardımı qəbul edə bilər

15:30 - 15.05.2026


15 may, Fineko/abc.az. Kuba ABŞ-ın 100 milyon dollarlıq humanitar yardımını nəzərdən keçirməyə hazırdır, amma davam edən neft blokadası fonunda Donald Trampa etibar etmir.

ABC.AZ xəbər verir ki, xarici işlər naziri Bruno Rodriges vurğulayıb ki, yardım siyasi şərtlərlə müşayiət olunmamalıdır. Ötən həftə ABŞ Dövlət Departamenti bildirmişdi ki, Kubaya qeyri-rəsmi qaydada 100 milyon dollar yardım, həmçinin “pulsuz və sürətli peyk interneti” təklif olunub, lakin bunun üçün ada hakimiyyətinin “əhəmiyyətli islahatlara” razılaşması tələb edilir.

Bruno Rodriges ABŞ-ın təklifini “uydurma” adlandırsa da, Donald Tramp administrasiyası daha sonra bunu rəsmi şəkildə təsdiqləyib.

Vaşinqtonun yanacaq tədarükçülərinə qarşı rüsum tətbiq etmək hədəsindən sonra Kubanın əsas müttəfiqləri olan Meksika və Venesuela neft tədarükünü dayandırıb ki, bu da kəskin yanacaq və elektrik enerjisi çatışmazlığına səbəb olub. BMT isə yanacaq blokadasını qeyri-qanuni hesab edib.

Prezident Migel Dias-Kanel bildirib ki, Kuba yardımı yalnız beynəlxalq humanitar normalara uyğun olduğu halda qəbul edəcək. O, ABŞ-ın təklifini ziddiyyətli adlandıraraq qeyd edib ki, sanksiyaların ləğvi daha effektiv addım olardı.