Gürcüstan 2030-cu ildə Aİ-yə daxil olacaq?

10:18 - 29.12.2023


29 dekabr, Fineko/abc.az. Gürcüstan 2030-cu ilədək Avropa İttifaqına (Aİ) üzv olmağa tam hazır olacaq.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bu barədə hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının sədri İrakli Kobaxidze “İmedi” telekanalının efirində deyib.

“Biz söz verə bilərik ki, Gürcüstan 2030-cu ilədək Avropa İttifaqına üzv olmağa hazır olacaq”.

Siyasətçi Gürcüstan və Moldovanın imkanlarını müqayisə edərək ölkəsinin iki il ərzində iqtisadi göstəricilərini önəmli dərəcədə artırdığını və bunun Aİ-yə daxil olması üçün həlledici amillərdən biri olduğunu qeyd edib.

“Gəlin iqtisadiyyatı götürək, Gürcüstan və Moldovanı müqayisə edək. Bu il və təkcə keçən il biz Moldova iqtisadiyyatı ilə fərqi 8 milyard dollar artırdıq. Bu o deməkdir ki, biz Avropaya inteqrasiya yolunda Moldova ilə müqayisədə 8 milyard dollar irəlidəyik. Nəhayət, üzvlük məsələsi gündəmə gələndə əsas meyar yenə də iqtisadiyyat olacaq”, – Kobaxidze vurğulayıb.