Avstraliya hökuməti Rusiyanın 35 müəssisəsinə qarşı yeni sanksiya tətbiq edib

11:50 - 20.07.2023


20 iyul, Fineko/abc.az. Avstraliya hökuməti Rusiya və Belarusa qarşı sanksiyalarını davam etdirir. Belə ki, Avstraliya hökuməti adıçəkilən ölkələrin 10 vətəndaşına, həmçinin Rusiyanın 35 müəssisəsinə yeni sanksiyalar qoyub.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bunu Avstraliyanın xarici işlər naziri Penni Vonq söyləyib.

Nazir deyib ki, Rusiyanın müdafiə, texnologiya və energetika sektorunda fəaliyyət göstərən 35 müəssisəsinə, eləcə də, Rusiya və Belarusun 10 vətəndaşına sanksiya tətbiq edilib.

Qadağalara məruz qalanlar arasında Rusiya Baş nazirinin birinci müavini Andrey Belausov, Baş nazirin müavini Dmitri Çernışenko, Rusiyanın insan hüquqları üzrə müvəkkili Tatyana Moskalkova, Federasiya Şurası sədrinin birinci müavini Andrey Turçak, “Kalaşnikov” konserninin direktoru Vladimir Lepin və “Vertolyotı Rossi” (“Rusiya helikopterləri”) holdinqinin baş direktoru Nikolay Kolesova da var.