İstanbuldan köçənlərin sayı rekord həddə çatıb

15:30 - 3.03.2023


3 mart, Fineko/abc.az. Türkiyəni sarsıdan zəlzələlərdən və bölgə ilə bağlı xəbərdarlıqlardan sonra İstanbul sakinləri şəhər kənarına köç edirlər.

ABC.AZ xəbər verir ki, son 10 gündə İstanbuldan gedənlərin sayının az qala son 20 ilin pik həddinə çatdığı bildirilir.

"Köçənlərin az olduğu mövsümün bu dövründə zəlzələdən əvvəl şirkətlərimizə gündə iki-üç nəfər zəng edirdi, indi isə bu rəqəm orta hesabla 20-25 adama çatıb. İstanbuldan, demək olar ki, hər bölgəyə köç var. Əsasən, evlərinin köhnəliyi ilə bağlı narahatlıqlarını dilə gətirirlər", - deyə "Evdən Evə" Daşınma Dərnəyinin sədri Ali Ayılmazdır bildirib.

O deyib ki, İstanbulda, xüsusilə Avropa hissəsindən daha çox daşınma ilə bağlı müraciət alırlar.

"Beylikdüzü, Avcılar, Bağcılar, Səfaköy, Pendik və Kartal istiqamətindən daha çox Qara dəniz bölgəsinə tələbat var. Anadolu hissəsindən isə Kadıköydən köç edənlərin sayı yüksəkdir. İnsanların çoxu hələ zəlzələ testləri edir. Düşünürük ki, testlərdən sonra say artacaq", - deyə o qeyd edib.