Azərbaycan Rəqəmsal Əməkdaşlıq Təşkilatına (DCO) üzv seçilib

12:36 - 1.09.2026


1 Sentyabr, Fineko/abc.az. Azərbaycan Respublikası rəqəmsal iqtisadiyyatın inklüziv inkişafını hədəfləyən nüfuzlu Rəqəmsal Əməkdaşlıq Təşkilatına (DCO) üzv qəbul edilib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən verilən məlumata görə, bu üzvlük yerli startaplara təşkilata daxil olan ölkələrin bazarlarına, birgə akselerasiya proqramlarına və vençur fondlarına birbaşa çıxış imkanı verəcək. Eyni zamanda, e-hökumət, süni intellekt və smart həllər sahəsində qabaqcıl təcrübənin mənimsənilməsi Cənubi Qafqaz və Orta Asiya regionunda Azərbaycanın rəqəmsal körpü rolunu daha da möhkəmləndirəcək.

Bundan əlavə, bu platforma çərçivəsində "mygov", "Digital Bridge", "Digital Login" və "SİMA" rəqəmsal imza kimi uğurlu yerli layihələrin xarici tərəfdaşlarla paylaşılması Azərbaycanın İKT məhsul və xidmətlərinin eksport potesialını əhəmiyyətli dərəcədə artıracaq. Qeyd edək ki, 2020-ci ilin noyabrında təsis edilən DCO rəqəmsal transformasiya vasitəsilə qlobal rəqəmsal rifahın təmin olunmasını hədəfləyən çoxtərəfli beynəlxalq təşkilatdır.