TSMC-nin rüblük mənfəəti rekord həddə çatdı

17:34 - 16.07.2026


16 iyul, Fineko/abc.az. Dünyanın ən böyük mikrosxem istehsalçısı "Taiwan Semiconductor Manufacturing Co." (TSMC) cari ilin aprel-iyun aylarında proqnozları üstələyərək 706,6 milyard Tayvan dolları (təxminən 22 milyard ABŞ dolları) həcmində xalis mənfəət əldə edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 77% artım deməkdir.

"Nvidia" və "Apple" kimi nəhənglərin əsas tərəfdaşı olan Tayvan şirkətinin hesabat rübündə qeydə alınan gəlirləri isə 36% artaraq 1,27 trilyon Tayvan dollarına çatıb. Süni intellekt infrastrukturuna yönələn qlobal investisiyaların əsas barometri hesab edilən TSMC, artan tələbi qarşılamaq üçün illik investisiya  büdcəsini rekord həddə — 60-64 milyard dollara qaldırdığını açıqlayıb.

Şirkət həmçinin ABŞ-ın Arizona ştatındakı qabaqcıl istehsal kompleksinə əlavə 100 milyard dollar vəsait ayıraraq, bu layihə üzrə ümumi investisiya vədini 265 milyard dollara çatdırıb.