“Uber" "Delivery Hero"nu satın alır — Qlobal bazarda nəhəng birləşmə

16:40 - 16.07.2026


16 iyul, Fineko/abc.az. ABŞ-ın "Uber Technologies" şirkəti Almaniyanın qida çatdırılması nəhəngi "Delivery Hero"nu almaq üçün razılığa gəlib və hər səhm üçün 41,50 avro təklif edib.

Amsterdam birjasında ticarət olunan "Prosus" investisiya şirkətinin böyük paya sahib olduğu Berlində qərargahı yerləşən "Delivery Hero" ilə artıq rəsmi saziş imzalanıb.

 Bu satınalma, qlobal çatdırılma sektorunda artımın zəifləməsi və rəqabətin güclənməsi fonunda baş verən konsolidasiya dalğasının növbəti mərhələsidir (məsələn, rəqiblərdən "DoorDash" bu yaxınlarda Britaniyanın "Deliveroo" qrupunu, "Prosus" isə "Just Eat Takeaway.com"u satın alıb). San-Fransisko mərkəzli "Uber" bu sövdələşmə ilə beynəlxalq bazarlardakı mövqeyini daha da gücləndirməyi hədəfləyir.

 Qeyd edək ki, "Delivery Hero" onun təsisçisi Niklas Östberqi vəzifədən uzaqlaşdıran "Aspex Management" hedc-fondu başda olmaqla, səhmdarların təzyiqi ilə aktivlərinin satılması məqsədilə strateji yenidənqurma prosesi həyata keçirirdi.