11:43 - 31.03.2026
31 mart, Fineko/abc.az. Təhlillərə əsaslanaraq Ələt Azad İqtisadi Zonası elə bir ərazidə yerləşdirilib ki, o, digər zonalarla müqayisədə daha cəlbedici olsun.
Azad Zona Bakı Beynəlxalq Dəniz Ticarət Limanına bitişikdir və Şimal–Cənub, Şərq–Qərb kimi beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşir.
Bu da investorlara həm dəniz, həm dəmir yolu, həm də avtomobil nəqliyyatından istifadə imkanı yaradır.
ABC.AZ xəbər verir ki, bunu Ələt Azad İqtisadi Zonasının (ƏAİZ) Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov deyib.
"Bizim ərazidə yerləşən investorlar öncədən bilirlər ki, onlar həm dəniz yollarından, həm dəmir yollarından, həm də magistral yollardan istifadə edə bilərlər. Buna əlavə olaraq nəzərə almalıyıq ki, yüksək texnoloji məhsullar istehsal edən şirkətlər əksər hallarda artıq yüklərini dəmir yolu və ya avtomobil yolu ilə deyil, hava nəqliyyatı ilə göndərirlər. Bu da onlara həm zamana, həm də xərcə qənaət etməyə şərait yaradır. Ona görə də biz tanınmış aviadaşıyıcı şirkət “Silk Way” ilə razılığa gəldik və şirkət Ələt Azad İqtisadi Zonasının ərazisində böyük bir hava limanının inşasına başlayıb. Bu hava limanı üçün 750 hektar ərazi ayrılıb. Çünki orada tək hava limanı yox, bu hava limanı vasitəsilə yüklərini daşımaq istəyən şirkətlərin mallarının gətirilib saxlanması, paylanması və s. kimi məsələləri təmin etmək üçün də bütün infrastruktur yaradılmalıdır. Sözügedən hava limanının karqo və biznes aviasiya seqmentləri 2027-ci ilin birinci rübünün sonundan gec olmayaraq istismara veriləcəkdir. İlkin yükaşırma həcmi illik 500 min ton olacaqdır ki, gələcəkdə bu göstəricinin 1.5 – 2 milyon tona çatdırılması nəzərdə tutulur. Hava limanının faəliyyətə başlaması ilə bizim investorlar həm ixrac əməliyyatlarında, həm idxal əməliyyatlarında yüklərini istənilən nəqliyyat növü ilə daşıya biləcəklər. Bu da öz növbəsində Azad Zonanın cəlbediciliyini artırır. Təbii ki başqa şirkətlər də öz yüklərini sözügedən hava limanı vasitəsilə göndərə və ya qəbul edə bilərlər"; - deyə V.Ələsgərov bildirib. ©Trend
15 İyul 2026
16 İyul 2026