İkinci əl avtomobillərə buna görə yenidən maraq artacaq – Açıqlama

14:19 - 27.01.2026


27 yanvar, Fineko/abc.az. -(özəl xəbər)- Avtomobil bazarında yanvar və fevral aylarında həmişə durğunluq müşahidə olunub.

Bunu ABC.AZ-a avtomobil bazarındakı vəziyyəti şərh edən "Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası" (AADA) İdarə Heyətinin Sədri Eyyub Əliyev deyib.

İndi isə fərqli bir situasiya olduğunu deyən Birlik direktoru qeyd edib ki, ötən il alıcılar daha çox üstünlüyü hibrid və  elektrik avtomobillərə verirdi:

"Ötən il ikinci əl bazarı demək olar ki, çökmüşdü və qiymətlər 40-45% aşağı idi. Rəsmi dilerlər tərəfindən gətirilən avtomobillər də bazar payını itirmişdi. Əsasən, fərdi şəxslər tərəfindən gətirilən zəmanətsiz avtomobillər satılırdı. İndi isə bir qədər baxış dəyişir. Dövlət tərəfindən tətbiq edilən güzəştlərin bitməsi ekoloji nəqliyyat vasitələrinə marağı azaldıb. Əsasən, büdcə avtomobili əldə etmək istəyən şəxslər artıq fikirlərini dəyişir. Bundan başqa hibridlərin satışında böyük pay, bayaqda qeyd etdiyim kimi, fərdi şəxslər tərəfindən gətirilən avtomobillərlə bağlı inamsızlığın olması da bazarda dinamikanı aşağı salıb". Hələ də hibridlərin maraq dairəsində olduğunu xatırladan müsahib avtomobil bazarının gələcək taleyinə də toxunub: "Bazarın gəlcəyinin müsbət istiqamətdə dəyişəcəyini düşünürəm. Çünki, artıq insanlar hər yoldan keçəndən avtomobil almaq istəmirlər, bu isə yollarımızdakı təhlükələrin sayının azalması deməkdir. Bundan əlavə güzəştlərin bitməsi daxili yanma mühərrikli yeni avtomobillərə də yol açır. Bu isə bazarda maraqlı rəqabət mühitinin olması, müxtəlif marketinq layihələrinin heyata keçirilməsini vəd edir. Ümumilikdə demək olar ki, aprel ayından sonra bazarın yaxın 2 il üçün taleyinə aydınlıq gələcək. Çində subsidiyaların ləğvi və ölkədən ikinci əl avtomobillərinin çıxışının 6 ay müddətində qadağan olunması bizim bazara təsirsiz ötüşməyəcək. Bildiyiniz kimi fərdi şəxslər tərəfindən ölkəmizə gətirilən yeni avtomobillər Çində qeydiyyata salındığı üçün artıq 2-ci əl sayılır. Onlar isə satıldıqdan 6 ay ərzində Çinin hüdudlarını tərk edə bilməyəcəklər.    Bütün bu amillər bizim bazarın yeni düzənini formalaşdıracaq. Hazırda isə 2-ci əl avtomobillərin satış dinamikası artmağa doğru gedir".

Müəllif: Elmir Muradov