"İçərişəhər" stansiyasında dönmə tunel inşa edilir

14:06 - 22.12.2025


22 dekabr, Fineko/abc.az. Bakı metrosunun "İçərişəhər" stansiyasında xətlərin ayrılması layihəsi çərçivəsində dönmə tunelinin (dönmə kamerası) inşasına start verilib.

"Bakı Metropoliteni" QSC-dən ABC.AZ-a məlumat verilib ki, tikintinin əsas məqsədi xətlərin ayrılması ilə hər bir xəttin müstəqil fəaliyyəti zamanı qatarlararası intervalların azaldılmasına nail olmaq və sərnişinlərə göstərilən xidmətin keyfiyyətini ən yüksək həddə çatdırmaqdır:

"Mövcud vəziyyətdə qatarların eyni platformadan geri dönməsi texniki və təhlükəsizlik baxımından intervalın minimuma endirilməsinə imkan vermir. Dönmə kamerası isə bu məhdudiyyəti tam aradan qaldıracaq. Layihənin sonunda "İçərişəhər" stansiyasında sərnişinləri düşdükdən sonra qatarlar stansiyanın arxasında yerləşən dönmə kamerasına yönələcək və oradan hazırda girişə qapalı olan platformaya daxil olaraq sərnişinlərlə "Həzi Aslanov" stansiyası istiqamətində hərəkət edəcək".

Məlumata görə, bununla həm də arxadan gələn qatarların hərəkətinə maneələr və intervalın azaldılmasına təhlükəsizlik səbəbi ilə maneə olan bufer zonası ləğv ediləcək:

"Bu dəyişiklik sərnişin axınının daha təhlükəsiz və rahat tənzimlənməsinə, qatarların hərəkətinin daha çevik təşkilinə şərait yaradacaq. Dönmə kamerasının inşası nəticəsində "Qırmızı" xətt üzrə mümkün ən minimal interval tətbiq ediləcək, sərnişinlərin minib-düşmə sahələri bir-birindən tam ayrılacaq, pik saatlarda ehtiyat qatarları dönmə kamerasında hazır saxlanılacaq, qatarların gecələməsi və gecə işləri üçün əlverişli şərait yaradılacaq, texniki nasazlıq yarandıqda qatarlar xətdən operativ çıxarılacaq".