Azad olunmuş ərazilərə birinci onlar qaytarılacaq - Prezidentdən açıqlama

15:59 - 24.02.2022


24 fevral, Fineko/abc.az. Bizim qarşıda böyük işlərimiz var – su, işıq, qaz, yollar, minalar, evlər. Biz başlamışıq, biz ötən il 1 milyard 300 milyon dollar ayırmışdıq, bu il isə eyni vəsaiti bərpa işlərinə ayırmışıq. Pilot layihə icra olunur, lakin bu, vaxt aparacaq. Deməliyəm ki, bununla paralel olaraq, işğal dövründə biz qaçqınlar üçün fəal şəkildə evlər tikirdik, hər il təxminən 5-6 min ailəni, təqribən 30 min insanı yerləşdirirdik. Yəni, onlardan təqribən 70 faizi normal yaşayır.

ABC.AZ xəbər verir ki, bunu Prezident İlham Əliyev Rusiyaya  səfəri çərçivəsində fevralın 23-də TASS agentliyində bu ölkənin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşü zamanı bildirib.

Dövlət başçısı qeyd edib ki, Bakıda, Sumqayıtda, Gəncədə və bir çox şəhərlərdə evlər tikirdik.

"Lakin onların 30 faizi hələ də uyğunlaşdırılmayan binalarda, yataqxanalarda, uşaq bağçalarında və ağır şəraitdə yaşayır. Buna görə də, ilk növbədə, bu kateqoriyadan olan insanlar geri qaytarılacaq. Artıq bizim tərəfimizdən Ağdam, Füzuli, Şuşa şəhərlərinin tikintisinin Baş planları işlənib hazırlanıb, digər şəhərlərinki də yaxın vaxtlarda təsdiqlənəcək. Hər şey plan üzrə yerinə yetiriləcək, heç bir qarma-qarışıqlıq olmayacaq" deyə İ.Əliyev bildirib.