Prezident iş adamlarını Ağdama sərmayə qoymağa çağırdı

11:35 - 14.02.2022


14 fevral, Fineko/abc.az. “Azərbaycan iş adamlarına da mən bu gün burada – Ağdam Cümə məscidinin önündə çağırış edirəm ki, gəlsinlər həm Ağdama, həm də azad edilmiş bütün digər ərazilərə sərmayə qoysunlar, vəsait qoysunlar”.

ABC.AZ xəbər verir ki, bunu Prezident İlham Əliyev fevralın 13-də Ağdam Cümə məscidində görülən bərpa-restavrasiya işlərinin gedişi ilə tanış olduqdan sonra çıxışında deyib.

“Ağdam rayonunun bərpası ilə bağlı kompleks tədbirlərin görülməsi bizə imkan verəcək ki, qısa müddət ərzində Ağdamı yenidən quraq, yaradaq. Bu gün Ağdamın gələcək inkişafı ilə bağlı çox önəmli addımlar atılmışdır, bir neçə təməlqoyma mərasimi keçirilmişdir. Hesab edirəm ki, qısa müddət ərzində görülmüş işlər yaxın gələcəkdə konkret nəticələrə gətirib çıxaracaq. Bu gün Ağdam şəhərində sənaye parkının ilk rezidentləri tərəfindən yaxın gələcəkdə istifadəyə veriləcək yeni müəssisələrin təməl daşı qoyuldu. Sənaye parkının təməl daşını mən keçən dəfə Ağdamda qoymuşdum, Müstəqillik Günündə qoymuşdum. Bu gün isə artıq ilk müəssisələrin təməli qoyuldu. Artıq 5 rezident vardır və onlar işə başlayırlar. Beləliklə, 190 hektar ərazidə qurulacaq Ağdam Sənaye Parkının ilk müəssisələri artıq bu sahədə ilk addımlarını atır. Bu, çox önəmli hadisədir", - deyə İ.Əliyev qeyd edib.