Prezident və birinci xanım Ağdamda bir sıra açılışlara qatılıb - Foto

10:17 - 14.02.2022


14 fevral, Fineko/abc.az. Bildiyiniz kimi Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 13-də Ağdam rayonunda səfərdə olublar.

ABC.AZ xəbər verir ki, dövlət başçısı və birinci xanım əvvəlcə Ağdam şəhərində yeni inşa olunmuş “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarının, o cümlədən “Qarabağ” Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak ediblər.

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya görülən işlər barədə məlumat verib.

Bildirilib ki, işğaldan azad edilən Ağdam rayonunun Azərbaycanın ümumi enerji sisteminə qoşulması, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün “Azərenerji” ASC tərəfindən “Xındırıstan” yarımstansiyasından 35 kilometr məsafədə ikidövrəli 110 kilovoltluq yüksəkgərginlikli elektrik verilişi xətti çəkilib. Demək olar ki, xətt tam minalanmış ərazidən keçib. Bəzi yerlərdə minalar arasından bir neçə metr enində cığır açılaraq bu çətin vəzifə icra edilib. Ən əsası isə Ağcabədidən Xındırıstana, oradan da “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarına qədər ümumilikdə 63 kilometr məsafədə 110 kilovoltluq xəttin üzərində ildırımdan mühafizə və yarımstansiyalararası informasiya mübadiləsi üçün 24 damarlı fiberoptik kabel çəkilib. Bununla da Ağdama təkcə elektrik xətti deyil, həm də ən yüksək ötürmə qabiliyyətli sürətli internet xətti gətirilib.