10:57 - 16.07.2026
16 iyul, Fineko/abc.az. "Bir Pəncərə" sistemi sahibkarların idxal-ixrac prosedurlarını əhəmiyyətli dərəcədə sadələşdirəcək.
Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəqliyyat siyasəti şöbəsinin müdiri Fariz Əliyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu gün Azərbaycanın nəqliyyat və logistika sahəsində rəqəmsal transformasiyasının mühüm mərhələsini təşkil edən "Bir Pəncərə" informasiya sistemini ictimaiyyətə təqdim olunur:
"Bu sistem sadəcə yeni elektron platforma deyil. Bu, dövlət qurumlarını, sahibkarları və daşıyıcıları vahid rəqəmsal mühitdə birləşdirən, xarici ticarət proseslərini sadələşdirən və xidmətləri daha sürətli, daha əlçatan edən yeni idarəetmə modelidir. Sistemin əsas məqsədi dövlət və biznes arasında əlaqələri asanlaşdırmaq, idxal, ixrac və tranzit əməliyyatlarında əvvəllər mövcud olan qəliz və təkrarlanan prosedurları aradan qaldırmaq və bütün prosesləri vahid rəqəmsal mühitdə təşkil etməkdir".
F.Əliyev vurğulayıb ki, bu platforma vasitəsilə sahibkarlar və daşıyıcılar idxal, ixrac və tranzit əməliyyatları ilə bağlı zəruri dövlət xidmətlərinə vahid məkandan çıxış əldə edəcəklər:
"Bu, nəqliyyat-logistika və kommersiya sənədləri, gömrük və sərhədkeçmə üçün zəruri olan lisenziya və icazələr, mənşə və fitosanitar sertifikatlar üçün müraciətlərin qəbulu, fumiqasiya aktlarının tərtibi və s. kimi geniş spektri əhatə edən funskionallığı ehtiva edir. Beləliklə müvafiq lisenziyaların, icazələrin, sertifikatların və digər tələb olunan sənədlərin elektron qaydada əldə edilməsi, dövlət qurumları ilə məlumat və sənəd mübadiləsinin rəqəmsal mühitdə həyata keçirilməsi, eləcə də yük və nəqliyyat vasitələrinə dair məlumatların vahid platforma üzərindən təqdim olunması həm prosedurları əhəmiyyətli dərəcədə sadələşdirəcək, həm də vaxt və inzibati xərcləri azaldacaq".
O əlavə edib ki, bu gün sistem mərhələli şəkildə istifadəyə verilir və dövlət qurumlarının xidmətləri ardıcıl olaraq platformaya inteqrasiya olunur:
"Artıq ilk nəticələr əldə edilib və qarşıdakı mərhələlərdə platformanın funksionallığı daha da genişləndiriləcək. Bu, həmçinin dövlətdə post-faktum analitik yanaşmadan data əsaslı qərarverməyə keçidi təmin edəcək və rəqəmsal ekosistemin genişləndirilməsi, mütəmadi qaydada yeni funksionallıqların və keyfiyyət parametrlərinin əlavə olunmasına zəmin yaradacaq".
14 İyul 2026
14 İyul 2026
14 İyul 2026
14 İyul 2026