72 minə yaxın tibb işçisinin əməkhaqqı artırılır

11:28 - 2.09.2026


2 sentyabr, Fineko/abc.az. 2026-cı il sentyabrın 1-dən TƏBİB sistemində çalışan 72 minə yaxın tibb işçisinin əməkhaqqı artırılır.

TƏBİB-in icraçı direktoru Anar Bayramovun mətbuat konfransında verdiyi məlumata görə, yeni əməkhaqqı islahatı nəticəsində illik əməkhaqqı fondu 189 milyon manat (13,66%) artacaq.

Qərarlar vəzifə, ixtisas, iş yükü və regionlardakı kadr ehtiyacı nəzərə alınmaqla diferensiallaşdırılıb.

Əsas artım göstəriciləri:

Regionlarda uşaq anestezioloq-reanimatoloqları: 1 450 manatdan 3 000 manata (+107%)

Neonatoloqlar: 1 450 manatdan 2 400 manata (+66%)

Hemodializ həkimləri: 1 450 manatdan 2 250 manata (+55%)

Kadr çatışmazlığı olan region həkimləri (mama-ginekologiya, neyrocərrahiyyə, uşaq cərrahiyyəsi, ürək-damar cərrahiyyəsi və s.): 1 450 manatdan 2 150 manata (+48%)

İslahat ümumilikdə 36 041 orta, 20 367 kiçik tibb heyətini, 8 675 ambulator həkimini və ilkin səhiyyə, təcili yardım, reanimasiya kimi strateji sahələrdə çalışan 7 129 mütəxəssisi əhatə edəcək.