"Microsoft"un karbon emissiyası 25% artıb

22:40 - 9.07.2026


9 iyul, Fineko/abc.az. "Microsoft Corp." korporasiyası süni intellekt sahəsindəki irihəcmli data mərkəzi investisiyalarının təsiri ilə 2025-ci ildə karbon emissiyalarının 25% artdığını elan edib.

Hesabat dövründə "Microsoft"un qlobal karbon emissiyaları 16 milyon metrik tondan 20 milyon metrik ton karbon dioksid ekvivalentinə yüksəlib. Şirkət rəhbərliyi bu artımın yeni data mərkəzlərinin enerji tələbatı və bəzi bərpaolunan enerji kreditlərinin alınmasının dayandırılması ilə bağlı olduğunu etiraf edib.

Mövcud gərginliyi şərh edən korporasiya rəsmiləri süni intellekt infrastrukturunun enerji, su və material tələbatını kəskin artırdığını, dayanıqlı yaşıl həllərin isə bu sürətlə böyüyə bilmədiyini vurğulayıblar. Şirkət ekoloji strategiyasına dəyişiklik edərək yeni karbon saxlama müqavilələrindən geri çəkilib və "Chevron Corp." ilə data mərkəzlərini elektrik enerjisi ilə təmin etmək üçün irimiqyaslı təbii qaz layihəsi üzrə saziş imzalayıb.