Azərbaycan və Gürcüstan beynəlxalq yükdaşımalar sahəsində əməkdaşlığı müzakirə ediblər

10:34 - 10.04.2026


10 aprel, Fineko/abc.az. Azərbaycan ilə Gürcüstan avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımalarının mövcud vəziyyətini və inkişaf perspektivlərini müzakirələr ediblər.

ABC.AZ xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Müzakirələr aprelin 8–9-da Bakıda Azərbaycan ilə Gürcüstan arasında beynəlxalq avtomobil daşımaları üzrə Qarışıq Komissiyanın növbəti iclasında aparılıb.

Görüş zamanı beynəlxalq yük daşımalarının həyata keçirilməsi məqsədilə 2026-cı il üzrə əlavə olaraq ikitərəfli və tranzit daşımalar üçün 10 000 ədəd, üçüncü ölkəyə/ölkədən daşımalar üçün isə 2 500 icazə blankının mübadiləsi barədə razılıq əldə olunub.

Statistik göstəricilərin təhlili və artan yük axını nəzərə alınaraq, 2027-ci il üzrə icazə blanklarının ilkin illik kvotası ikitərəfli və tranzit daşımalar üzrə 18 % artırılaraq 65 000 ədədə, üçüncü ölkəyə/ölkədən daşımalar üzrə isə 50 % artırılaraq 7 500 ədədə çatdırılıb.

Tərəflər avtomobil nəqliyyatı sahəsində ikitərəfli əməkdaşlığın dinamik inkişafını, həmçinin son dövrdə beynəlxalq yük daşımalarının həcmində əhəmiyyətli artımın müşahidə olunduğunu qeyd ediblər. Bununla əlaqədar, avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımalarının fasiləsiz və səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə əlavə tədbirlərin görülməsinin zəruriliyi vurğulanıb.

Bildirilib ki, Azərbaycan tərəfi Türkiyə, Özbəkistan və Qırğızıstan ilə elektron icazə sisteminin (e-permit) tətbiqini uğurla həyata keçirir, Qazaxıstan ilə isə bu sistemin tətbiqi üzrə işlər yekun mərhələdədir.