FİFA-nın futbol üzrə dünya çempionatından gəliri $15 mlrd təşkil edib

17:11 - 20.07.2026


20 iyul, Fineko/abc.az. Beynəlxalq Futbol Federasiyasının (FİFA) keçirilən dünya çempionatından əldə etdiyi gəlirlər rekord həcmdə – 15 milyard dollar qiymətləndirilir. Bu, proqnozlaşdırılan 11 milyard dollarlıq göstəricidən xeyli yüksəkdir.

Bu barədə FİFA-nın rəhbəri Canni İnfantino məlumat verib.

Müqayisə üçün qeyd edək ki, 2022-ci ildə Qətərdə keçirilən əvvəlki dünya çempionatı beynəlxalq futbol qurumuna 7,6 milyard dollar qazandırmışdı. Gəlirlərdəki bu kəskin artım böyük ölçüdə turnirin 32 deyil, 48 komanda ilə keçirilməsi, eləcə də reklam və bilet qiymətlərinin bahalaşması ilə bağlıdır.

Belə ki, Nyu-Cersidə keçirilən dünya çempionatının final matçına biletlərin rəsmi qiyməti 34,5 min dollara çatırdı, qara bazarda isə bu qiymət 2 milyon dollara qədər yüksəlirdi. ABŞ, Kanada və Meksika olmaqla üç ölkədə keçirilən cari mundialı ümumilikdə 6,81 milyon tamaşaçı izləyib.