Beş ayda əhali banklara 763.2 milyon dollar satıb

16:42 - 1.07.2026


1 iyul, Fineko/abc.az. Azərbaycanda son beş ayda bankların əhalidən aldığı nağd ABŞ dolları satışı üstələyib və bu tendensiya demək olarki 2025-ci ilin martından bu tərəfə davam etməkdədir.

ABC.AZ Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, banklar ilə əhali arasında aparılan nağd valyuta konvertasiyası üzrə statistikaya görə, cari ilin ilk beş ayında banklar əhaliyə 489.3 mln. dollar məbləğində xarici valyuta satdığı halda, əhalidən 763.2 mln. dollar məbləğində xarici valyuta alıb.

Nəticədə bankların əhalidən valyuta alışının həcmi satışını 273.9 mln. dollar üstələyib. Yəni əhali tərəfdən banklara doğru nağd 274 mln. dollarlıq axın baş verib.

Bu, ən azı son beş ilin eyni dövrü üzrə ən yüksək xalis valyuta satışı göstəricisidir. Müqayisə üçün, 2025-ci ilin ilk beş ayında əhali banklara 138 mln. dollar, 2023-cü ildə isə 60.3 mln. dollar xalis valyuta satmışdı. 2024-cü ildə isə əksinə, bankların əhaliyə valyuta satışı alışdan 483.7 mln. dollar çox olmuşdu.

2026-cı ilin bütün ilk beş ayında bankların əhalidən valyuta alışı satışı üstələyib. Xüsusilə may ayında banklar əhaliyə 71.4 mln. dollar məbləğində xarici valyuta satdığı halda, əhalidən 180.6 mln. dollar məbləğində valyuta alıb.